REGİONLAR


Şəki Uşaq Musiqi Məktəbinin kollektivi şəhid Xudayar Yusifzadənin məzarını ziyarət edib

Şəki, 3 mart, Mustafa Dadaşov, AZƏRTAC

Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri torpaqlarımızın erməni işğalından azad olunması uğrunda başlanan və 44 gün davam edən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gizir Xudayar Yusifzadənin məzarını ziyarət etmək üçün Bərdə rayonuna səfər ediblər.

Şəki və Bərdə Regional Mədəniyyət idarələrinin dəstəyi ilə reallaşan səfər zamanı məktəbin kollektivi oxuduğu “Vətən yaxşıdır” mahnısı ilə dastana dönən şəhid Xudayarın xatirəsinə yaradılmış ev-muzeyində də olub, onun ailə üzvləri ilə görüşüblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbində keçirilən tədbirdə şəhidin nənəsi Tovuz Məmmədova və qardaşı Məhəmməd Yusifzadə Xudayarın uşaqlıq və gənclik illəri ilə bağlı xatirələrindən, onun Füzuli, Zəngilan, Kəlbəcər, Qubadlı uğrunda gedən döyüşlərdə iştirakından danışıblar. Bildirilib ki, Xudayar Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi ətrafında gedən döyüşlərdə ağır yaralanıb və şəhadətə yüksəlib. Vurğulanıb ki, indi Xudayardan geriyə qalan Zəngilanda oxuduğu “Vətən yaxşıdır” mahnısıdır. Sosial şəbəkələrdə ən çox izlənən bu video həm də ailəsinin təsəlli yeridir. O, Şuşanı görməsə də, Şuşa azad olundu.

Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Tərlan Məmmədov xalqımıza belə qəhrəman övlad bəxş etdiklərinə görə ailəyə minnətdarlığını bildirib.

Tədbirdə məktəbin müəllim və şagirdlərinin ifasında musiqilər səsləndirilib, mahnılar ifa olunub.

Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri səfər zamanı Xudayar Yusifzadənin məzarını da ziyarət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.