MƏDƏNİYYƏT


Şəki YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib

Paris, 1 noyabr, AZƏRTAC 

Azərbaycanın sənətkarlıq paytaxtı Şəki şəhəri YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin və Azərbaycan Respublikasının YUNESKO yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində Şəki şəhəri şəbəkənin “sənət və sənətkarlıq” tematikası üzrə siyahıya salınıb.

YUNESKO-nun baş direktoru İrina Bokovanın qərarı ilə “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına 44 ölkədən 64 şəhər daxil edilib. Bu şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru kimi göstərir. Şəbəkə yerli kollektivlərdə böyük maraq yaradıb və yeni siyahı ilə şəhərlərin tipologiyasının və coğrafi balansının müxtəlifliyini əks etdirir.

2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi. Hazırda şəbəkənin 72 ölkədə 180 şəhəri var.

Şəki şəhərinin tarixi, əhalisi, coğrafiyası, mədəniyyəti, iqtisadiyyatı haqqında lazımi məlumatlar toplanaraq YUNESKO-ya təqdim edilib.

İkiillik əməyin bəhrəsi kimi Şəki təkcə milli səviyyədə deyil, həmçinin beynəlxalq səviyyədə sənət və sənətkarlıq şəhəri adını alıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.