REGİONLAR
Şəki-Zaqatala bölgəsi rayonlarında Azərbaycan dili fənni üzrə imtahanlar 6 mərkəzdə aparılıb
Şəki-Zaqatala, 8 may, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 8-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Balakən, Zaqatala, Qax, Şəki və Qəbələ rayonlarında tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin cari və əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə keçirilən imtahanlar başa çatıb.
Regional bölmədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, imtahanların keçirilməsi üçün Zaqatala rayonunda 2, Balakən, Qax, Şəki və Qəbələ rayonlarının hər birində bir olmaqla, ümumilikdə 6 mərkəz ayrılıb. İmtahanlarda bu rayonlar üzrə ümumilikdə 1049 şagirdin, o cümlədən Balakən rayonu üzrə 242, Zaqatala üzrə 302, Qax rayonu üzrə 169, Şəki üzrə 132, Qəbələ rayonu üzrə isə 204 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların idarə edilməsinə 5 rayon üzə 13 imtahan rəhbəri və 99 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün bu mərkəzlərdə 82 zal ayrılıb. İmtahan saat 11:00-da başlanıb və 1 saat 30 dəqiqə davam edib.
Regional bölmənin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, bütün imtahan mərkəzlərində 9-cu və 11-ci sinif şagirdləri, həmçinin cari və əvvəlki illərin məzunları üçün Azərbaycan dili fənnindən imtahanlar mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.