REGİONLAR
Şəki-Zaqatala bölgəsində qonaq evləri ilə bağlı layihəyə start verilib
Şəki, 1 mart, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala bölgəsində yerli və xarici turistləri qəbul edən kənd qonaq evlərinin siyahıya alınması və qiymətləndirilməsi ilə bağlı layihəyə start verilib.
Şəki Destinasiya Menecmenti Təşkilatından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, regionda fəaliyyət göstərən Turizm İnformasiya mərkəzlərinin və Dövlət Turizm Agentliyinin “Turizm Könüllüləri” Təşkilatının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində yerlərdə olan gecələmə obyektlərinin potensialı öyrənilir və qiymətləndirilir. İstifadəyə yararlı qonaq evlərinin turizm marşrut xəritəsinə salınması planlaşdırılır. Eyni zamanda, standartlara cavab verməyən, lakin önəmli marşrut xətti üzərində yerləşən qonaq evlərində şəraitin yaxşılaşdırılması üçün subsidiyaların ayrılması nəzərdə tutulur.