REGİONLAR
Şəki-Zaqatala bölgəsinin ümumtəhsil məktəblərində peşəyönümlü xidmətin təşkili işinə xüsusi diqqət yetirilir
Şəki, 18 may, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində peşəyönümlü xidmətin təşkili, təhsilanların peşələr barədə məlumatlılıq səviyyəsinin artırılması, həmçinin peşəyönümünün müəyyən edilməsi və peşə seçimində şagirdlərə dəstəyin göstərilməsi istiqamətində tədbirlər davam etdirilir.
Regional İdarənin əməkdaşı Mahal Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ümumi təhsil müəssisələrində peşəyönümlü xidmətin təşkili ilə bağlı tədbirlər təhsil nazirinin müvafiq əmrinin icrasına uyğun olaraq həyata keçirilir.
Qurumun əməkdaşının məlumatına görə, Balakən rayonunun ümumtəhsil məktəblərində peşəyönümlü koordinatorlar tərəfindən keçirilən “Düzgün peşə seçimi”, “Ən sevdiyim peşə” mövzularında maarifləndirici dərslər və seminarlarda peşə seçimində fərdi və psixoloji xüsusiyyətlərin aspektləri, karyera planlaması və digər məsələlər əsas müzakirə mövzusu olub. Dərslərdə şagirdlərin peşə istiqaməti və sahibkarlıq marağının müəyyən edilməsi məqsədi ilə psixoloji testlər verilib, sorğular keçirilib.
Təhsilalanların peşələrlə əyani olaraq tanışlığı məqsədi ilə peşəyönümlü koordinatorlar tərəfindən şagirdlərin müxtəlif peşə müəssisələrinə, konserv zavoduna, sənətkarlıq mərkəzlərinə ekskursiyası təşkil edilib.
Oğuz rayonunda VIII-X sinif şagirdləri arasında peşə seçimi istiqamətində keçirilən tədbirlərin təşkilində əsas hədəf təhsilalanlara peşə seçiminin mahiyyəti və məzmunu, peşə seçimində istifadə olunan üsul və vasitələri öyrətmək, həmçinin peşə seçiminin düzgün seçilməsi istiqamətində psixoloji hazırlığın təmin edilməsi olub.
Peşəyönümlü xidmətin təşkili ilə bağlı tədbirlər bölgənin digər rayonlarının məktəblərində də davam etdirilir.