REGİONLAR
Şəki ilə Xorvatiyanın Varajdin şəhəri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb
Şəki, 29 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki ilə qardaşlaşmış şəhərlər sırasına daha biri – Xorvatiyanın Varajdin şəhəri də əlavə olunub. Beləliklə, Şəki ilə qardaşlaşmış şəhərlərin sayı doqquza çatıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Qurumdan bildiriblər ki, bu qardaşlaşmanı rəsmiləşdirmək üçün şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyanın Varajdin şəhərində səfərdə olub.
Səfər çərçivəsində Şəki ilə Varajdin şəhərləri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb.
İmzalanma mərasimində çıxış edən Varajdin şəhərinin meri İvan Çehok xartiyanın əhəmiyyətinə toxunaraq, onun iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycanın bu qədim şəhərinin mədəniyyəti, iqtisadiyyatı, turizm imkanları barədə məlumat verib. Vurğulanıb ki, yeni imzalanan dostluq və əməkdaşlıq xartiyası bu şəhərlərin sakinləri arasında humanitar, iqtisadi və turizm sahələrində əlaqələrin yaranmasında mühüm rol oynayacaq. İcra hakimiyyətinin başçısı Varajdin şəhərinin merini Şəkiyə dəvət edib.
İmzalanma mərasimi başa çatdıqdan sonra hər iki şəhərin rəhbərliyi adından qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Zaqreb Universitetinin Varajdin filialına baş çəkib, şəhərin görməli yerləri ilə tanış olublar.