REGİONLAR
Şəki rayonunun payızlıq taxıl əkinlərində kompleks mübarizə tədbirləri icra olunur
Şəki, 1 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Ötən ilin payızında Şəki rayonunun təsərrüfatlarında cari ilin məhsulu üçün 65 min 283 hektar sahədə taxıl əkilib. Taxıl əkinlərinin 32 min 318,6 hektarını buğda, 32 min 964,4 hektarını arpa sahələri təşkil edir. Bundan əlavə, 261 hektar sahəyə yaşıl yem üçün xəsil arpa da səpilib. Hazırda Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzi tərəfindən taxıl sahələrində fitosanitar tədbirlər davam etdirilir.
Mərkəzin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, səpilən toxumun 46 min 33 hektarı dəmyə əkinlərdir. Bu isə fitosanitar tədbirlərin daha da diqqətlə aparılmasını tələb edir.
Qurum rəsmisinin sözlərinə görə, cari ildə payızlıq taxıl sahələrində siçanabənzər gəmiricilərə qarşı 3420 hektar sahədə fitosanitar müşahidələr aparılıb, 1376 hektarda sirayətlənmə aşkar olunub. Sirayətlənmiş 1300 hektar sahədə büdcə vəsaiti hesabına sink-fosfid preparatı ilə aldadıcı yem hazırlanaraq kimyəvi mübarizə tədbirləri görülüb.
Eyni zamanda, mərkəzin mütəxəssisləri tərəfindən taxıl böcəyi sürfələrinə qarşı 370,5 hektar sahədə fitosanitar müşahidələr aparılıb, 365,5 hektarda sirayətlənmə aşkar edilib və 365,5 hektarda kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Kimyəvi mübarizədə sipermethrin, alfa-sipermethrin və judo tərkibli insektsidlərdən istifadə olunub.
Mərkəzin rəsmisi bildirib ki, ötən müddətdə qurumun mütəxəssisləri tərəfindən taxıl sahələrində alaq otlarına qarşı da 28 min 472 hektar sahədə fitosanitar müşahidələr aparılıb, 5 min 805 hektarda sirayətlənmə aşkar edilib. Fermerlərin vəsaiti hesabına 5 min 27 hektarda kimyəvi mübarizə aparılıb. Hazırda fermerlər tərəfindən taxıl sahələrinə yemləmə gübrəsinin verilməsi və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri davam etdirilir.
Tələt Mehdiyevin sözlərinə görə, mərkəzin mütəxəssisləri tərəfindən rayonda taxıl əkinlərində aparılan mübarizə tədbirləri ilə bağlı fermerlərə lazımi tövsiyələr verilib, pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydaları ilə tanışlıq barədə tövsiyə xarakterli vərəqələr paylanılıb.