CƏMİYYƏT
Şəki sakinindən müxtəlif tipli odlu silahlar götürülüb
Bakı, 21 iyun, AZƏRTAC
Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis şöbəsinə şəhər sakini Abdullətif Bayramovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs tutulub. Onun yaşadığı ünvana baxış keçirilmiş zaman evin zirzəmisindən “Makarov” və “Naqan” tipli tapançalar, onlara aid 22 patron, qoşalülə və lüləsi kəsilmiş ov tüfəngləri, həmçinin pnevmatik “TİR” tüfəngi, idman tapançası və ona aid altı giliz, qırmalar və pistonlar, beş bıçaq aşkarlanaraq götürülüb. Götürülən maddi sübutlar ekspertizaya göndərilib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.