Şəki şəhərində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib VİDEO
AzerTAg.az
Bakı, 16 mart, AZƏRTAC
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində Şəki şəhərində “Heydər Əliyev və təhlükəsizlik orqanları” mövzusunda növbəti tədbir keçirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, DTX-nin rəhbər şəxsləri və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı Vüqar İskəndərov, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları, Şəki şəhərinin təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.
Əvvəlcə qonaqlar Şəki şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyublar.
Şəki şəhərinin Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir Ulu Öndərin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri açıq elan edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqillik illərində ölkəmizin təhlükəsizlik strategiyasının hazırlanması və reallaşdırılmasına, bu kontekstdə Azərbaycan təhlükəsizlik orqanlarının inkişafına verdiyi töhfələrdən, dahi şəxsiyyətin dövlətçiliyimiz və ölkəmizin tərəqqisi yolunda göstərdiyi əvəzsiz xidmətlərdən ətraflı bəhs edib, Ulu Öndərin 100 illik yubileyinə həsr olunan belə silsilə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Tədbirin digər çıxışçıları Ümummilli Liderin təhlükəsizlik orqanlarındakı fəaliyyəti ərzində gördüyü mühüm işlərdən, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə həyata keçirilən uğurlu əməliyyatlardan, bu orqanların milliləşdirilməsi istiqamətində gərgin səylərindən geniş söhbət açıb, dahi rəhbərin xidmətdə hər zaman nizam-intizama, tabeliyindəki əməkdaşların göstərişləri dəqiq icra etməsinə xüsusi önəm verdiyini vurğulayıblar. Bildirilib ki, Heydər Əliyevin təhlükəsizlik təşkilatında əsasını qoyduğu peşəkarlıq məktəbi bu gün də layiqincə davam etdirilir, xüsusi xidmət orqanlarının səmərəli fəaliyyəti üçün onun müəyyən etdiyi meyarlar DTX-nin əməliyyat heyəti tərəfindən həmişə rəhbər tutulur.
Natiqlər qeyd ediblər ki, Ulu Öndərin daim diqqət və qayğı ilə əhatə etdiyi təhlükəsizlik orqanlarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi etimad və etibar dövlətin təhlükəsizliyinin təmin olunması yolunda qarşıya qoyulmuş vacib tapşırıqların lazımi səviyyədə icrasında böyük əhəmiyyət kəsb edir.
Tədbir DTX-nin Azərbaycan Televiziyası ilə birgə reallaşdırdığı “Konfidensial” layihəsinin ilk buraxılışı olan və Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman onun rəhbərliyi ilə keçirilmiş “Naturalist” əməliyyatına həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.















Xəbərin mətnində orfoqrafik səhv var