REGİONLAR
Şəki teatrında yeni tamaşaya ictimai baxış olub
Şəki, 14 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Noyabrın 14-də Şəki Dövlət Dram Teatrında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və dramaturq Cəfər Cabbarlının “Sevil” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görkəmli dramaturqun anadan olmasının 120 illiyi münasibətilə hazırlanan tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu və geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdi, rəqslərin quruluşçusu isə Çingiz Novruzəliyevdir. Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Akif Yusifov, Rəhim Qocayev, aktyorlar Pərviz İsmayılov, Fərahim Fətəliyev, aktrisalar Lalə Məmməd, Arzu Mustafayeva, Nazilə İmamhüseynova və Aysun Mustafazadə ifa ediblər. Əsərin əsas qəhrəmanı Sevil obrazını canlandıran gənc aktrisa Zümrüd Əliyeva isə bu rolla debüt edib.
Tamaşada əsərin baş qəhrəmanı Sevil obrazı ilə Azərbaycan qadınının yüksəliş yolu təsvir olunur.
Teatrın ədəbi dram hissəsinin rəhbəri Sevda Nəsirova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il Şəkidə peşəkar teatrın yaranmasının 140 ili tamam olur. Bu münasibətlə teatrda silsilə tədbirlər ilboyu davam edib. Yubiley tədbirinin isə yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulur.