REGİONLAR


Şəki və Mingəçevir şəhərlərində ali məktəblərə qəbul imtahanları 6 mərkəzdə aparılıb

Bölgə üzrə ən yaşlı abituriyent olan 55 yaşlı Şəki rayon sakini ikinci ixtisas qrupu üzrə imtahan verib

Şəki, 26 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 26-da qurumun Şəki regional bölməsinin əhatə etdiyi Şəki və Mingəçevir şəhərlərində 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün ikinci və üçüncü ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanları uğurla başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəki və Mingəçevir şəhərlərinin hər birində 3 imtahan mərkəzi ayrılıb.

Şəkidə imtahanlar şəhərdəki 8 nömrəli və Qoxmuq kənd tam orta məktəblərində, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub. İmtahanlarda, ümumilikdə, 1787 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 13 imtahan rəhbəri və 162 nəzarətçi-müəllim cəlb edilib.

Mingəçevir şəhərində isə ali təhsil müəssisələrinə qəbul imtahanları 4 və 18 nömrəli tam orta məktəblərdə, həmçinin təbiət-riyaziyyat və humanitar liseydə təşkil edilib. İmtahanlarda 1310 abituriyentin iştirakı nəzərdə tutulub. Bu mərkəzlərdə imtahanların idarə olunmasına 13 imtahan rəhbəri və 126 nəzarətçi-müəllim ayrılıb.

AZƏRTAC-ın bölgə müxbiri Şəki şəhərindəki fizika-riyaziyyat və humanitar təmayüllü liseydə keçirilən imtahanların gedişini izləyib. İmtahanların keçirilməsi üçün binada 33 zal ayrılıb, abituriyentlərin rahat şəkildə imtahan vermələri üçün zəruri şərait yaradılıb. İmtahanın idarə edilməsinə 6 imtahan rəhbəri və 68 nəzarətçi-müəllim cəlb olunub. Mərkəzdə imtahanlar təlimata uyğun olaraq saat 11:00-da başlayıb və 3 saat davam edib. Bölgə üzrə ən yaşlı abituriyent – 55 yaşlı Şəki rayon sakini Rəhman Cəlilov da bu mərkəzdə ikinci ixtisas qrupu üzrə imtahan verib.

Ümumi imtahan rəhbəri Əziz Məmmədovun sözlərinə görə, imtahan prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.

DİM Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov bildirib ki, bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata uyğun aparılıb və heç bir qanun pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda uğurla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.