REGİONLAR


Şəki və Mingəçevirdə 7 mərkəzdə ali məktəblərə qəbul imtahanları aparılıb

Şəki, 22 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 22-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Şəki və Mingəçevir şəhərlərində 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanları uğurla başa çatıb.

AZƏRTAC xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəki şəhərində 4, Mingəçevirdə isə 3 imtahan mərkəzi ayrılıb.

Şəkidə imtahanlar 8 və 12 nömrəli tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü lisey və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub. İmtahanlarda, ümumilikdə, 1785 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 13 imtahan rəhbəri və 162 nəzarətçi-müəllim cəlb olunub.

Mingəçevir şəhərində isə ali təhsil müəssisələrinə qəbul imtahanları 4 və 18 nömrəli tam orta məktəblərdə, həmçinin təbiət-riyaziyyat və humanitar liseydə təşkil edilib. İmtahanlarda 1192 abituriyentin iştirakı nəzərdə tutulub. Bu məktəblərdə imtahanların idarə olunmasına 9 imtahan rəhbəri və 116 nəzarətçi-müəllim ayrılıb.

İmtahanlar təlimata uyğun olaraq, saat 11:00-da başlayıb və 3 saat davam edib.

DİM Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov AZƏRTAC-a bildirib ki, bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata uyğun aparılıb və heç bir qanun pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda uğurla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.