REGİONLAR
Şəki və Mingəçevirdə imtahanların gedişini 25 imtahan rəhbəri və 302 nəzarətçi-müəllim izləyib
Şəki, 23 iyul, Mustafa Dadaşov, AZƏRTAC
İyulun 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qurumun Şəki regional bölməsinin əhatə etdiyi Şəki və Mingəçevir şəhərlərində ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib. Bu məqsədilə Şəki və Mingəçevirdə, ümumilikdə, 7 imtahan mərkəzi ayrılıb.
Bu barədə AZƏRTAC-a TQDK-nın Şəki regional bölməsindən məlumat verilib.
Bölmədən bildiriblər ki, Şəki şəhərində qəbul imtahanları 8, 12, 14 nömrəli tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü liseylərdə təşkil olunub. 1748 abituriyentin iştirakının nəzərdə tutulduğu qəbul imtahanlarının idarə olunmasına 12 imtahan rəhbəri və 158 nəzarətçi-müəllim cəlb edilib.
Mingəçevir şəhərində isə imtahanlar 18 nömrəli tam orta məktəbdə, həmçinin texniki-humanitar, təbiət-riyaziyyat və humanitar liseylərdə keçirilib. İmtahanlarda 1424 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 13 imtahan rəhbəri və 144 nəzarətçi-müəllim cəlb olunub.
TQDK-nın Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, qəbul imtahanları mövcud təlimata uyğun aparılıb və saat 14.00-da başa çatıb. İmtahanların gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb.