REGİONLAR
Şəki və Zaqatala rayonlarında II ixtisas qrupu üzrə qəbul imtahanları başa çatıb
Şəki-Zaqatala, 15 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 15-də Şəki və Zaqatala şəhərlərində keçirdiyi II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəki və Zaqatala rayonlarının hər birində 2 mərkəz ayrılıb. Qəbul imtahanları Şəki şəhərindəki 8 nömrəli tam orta məktəb və fizika-riyaziyyat və humanitar təmayüllü liseydə, həmçinin Zaqatala şəhər 1 nömrəli və Qazangül qəsəbə tam orta məktəblərində təşkil olunub.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binalarına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib.
Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən verilən məlumata görə, Şəkidə keçirilən və ümumilikdə, 477 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 6 imtahan rəhbəri və 49 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 38 otaq ayrılıb.
Zaqatalada keçirilən qəbul imtahanında isə 348 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına isə 5 imtahan rəhbəri və 38 nəzarətçi müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 29 otaq ayrılıb.
Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.