REGİONLAR
Şəki və Zaqatalada III ixtisas qrupu üzrə qəbul imtahanları 6 mərkəzdə aparılıb
Şəki-Zaqatala, 14 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 14-də Şəki və Zaqatala şəhərlərində keçirdiyi III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəki və Zaqatala rayonlarında 6 mərkəz ayrılıb. Qəbul imtahanları Şəki şəhərindəki 11, 12, 17 nömrəli və Qoxmuq kənd tam orta məktəblərdə, həmçinin Zaqatala şəhərindəki 2 nömrəli tam orta məktəb və Zərifə Əliyeva adına Texniki təmayüllü liseydə təşkil olunub.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binalarına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən verilən məlumata görə, Şəkidə keçirilən və ümumilikdə, 855 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 11 imtahan rəhbəri və 89 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 69 otaq ayrılıb.
Zaqatalada keçirilən qəbul imtahanında isə 328 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına isə 5 imtahan rəhbəri və 35 nəzarətçi müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 27 otaq ayrılıb.
Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.