REGİONLAR


Şəkidə 50,9 kilometrlik xüsusi əhəmiyyətli avtomobil yolunun tikintisi yekunlaşır VİDEO

Bakı, 30 iyul, AZƏRTAC

Şəki rayonunda xüsusi əhəmiyyətə malik, uzunluğu 50,9 kilometr olan Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sözügedən yolun 21 kilometri respublika əhəmiyyətli R56 Kərimli avtomobil yoluna düşür. Bu üzdən yolun bu hissəsi 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni 2,5 metr olmaqla ümumi eni 12 metr təşkil edir.

Başlanğıcını M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 17-ci kilometrindən götürən Kərimli avtomobil yolu R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna birləşməklə, bölgələri birləşdirmək baxımından xüsusi əhəmiyyətə malikdir.

Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun qalan 29,9 kilometrlik hissəsi isə 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Burada yolun hərəkət hissəsi 6 metr, çiyinlər 2 metr olmaqla ümumi eni 10 metr təşkil edir.

Layihə çərçivəsində, yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının inşası işləri aparılıb, yol əsasının tikintisi işləri görülüb. Yol əsası optimal-qırmadaş və qum-çınqıl qarışığından inşa edilib.

Hazırda yolboyu asfaltlanma işləri aparılır. Ümumilikdə yolun 300 min kvadratmetrdən çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir.

Tikinti layihəsinə uyğun olaraq, yolboyu mövcud olan suötürücü borular yeniləri ilə əvəzlənib, zəruri olan yerlərdə yeniləri inşa edilib. Belə ki, yola müxtəlif diametrli 290 metr uzunluğunda beton, 450 metr uzunluğunda isə dəmir borular quraşdırılıb. Bundan başqa, mövcud 2 körpünün əsaslı şəkildə təmiri işləri aparılıb.

Layihə işləri texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Yenidənqurma işləri yük və sərnişin daşımasının asanlaşmasına səbəb olacaq. Bundan başqa respublikanın iki əsas avtomobil yoluna çıxış əldə olunmaqla rayonlararası məsafə dəfələrlə qısaldılacaq. Yetişdirilən kənd təsərrüfatı məhsullarının qonşu rayon mərkəzlərinə və paytaxt Bakıya tez və rahat şəkildə daşınmasına şərait yaradılmaqla kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

Səkkiz yaşayış məntəqəsini birləşdirən, 11 min nəfər əhalinin yaşadığı Şəki rayonunun Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun yenidən qurulması işlərinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.