REGİONLAR
Şəkidə 65,3 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır
Şəki, 16 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dənlilərin səpininə ciddi hazırlıq işləri görülür. Cari mövsümdə rayonda 34,2 min hektarı buğda, 31,1 min hektarı arpa olmaqla, 65,3 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. Bu məqsədlə indiyədək təsərrüfatlarda 41,2 min hektardan çox sahədə şum qaldırılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Sektor müdirinin sözlərinə görə, payızlıq dənlilərin səpini üçün 13,1 min ton arpa və buğda toxumu tələb olunur. Rayonda fəaliyyət göstərən 17 özəl taxıl toxumçuluq təsərrüfatında mövsümə hazırlıq işləri davam etdirilir. Tədarük olunan toxum təmizlənir və kombisiyaya çatdırılaraq satışa hazırlanır.
Payızlıq dənlilərin səpininə oktyabrın birinci ongünlüyündə başlamaq nəzərdə tutulur.