REGİONLAR
Şəkidə 65 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır
Şəki, 5 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dənlilərin səpininə ciddi hazırlıq işləri görülür. Cari mövsümdə rayonda 65 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Nurəddin İbrahimov məlumat verib.
Onun sözlərinə görə, bu məqsədlə indiyədək təsərrüfatlarda 22 min hektaradək sahədə şum qaldırılıb. Səpin üçün 15 min ton arpa və buğda toxumu tələb olunsa da, toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən indiyədək 17 min ton yüksək reproduksiyalı toxum fondu yaradılıb. Fermerlərin mineral gübrələrə olan ehtiyacları da tam şəkildə ödəniləcək. Bunun üçün lazımi qədər mineral gübrə tədarük olunub.
Qurum rəsmisi bildirib ki, səpin üçün ayrılan toxum hazırda laboratoriya müayinəsindən keçirilərək təmizlənir və dərmanlanır. Səpində iştirak edəcək 175 ədəd şum traktoru və 90 ədəd toxumsəpən aqreqat təmir olunaraq saz vəziyyətə gətirilib. Payızlıqların səpininə sentyabrın 20-dən sonra başlamaq nəzərdə tutulur.