REGİONLAR
Şəkidə 66 min hektardan çox taxıl sahəsinin məhsulu biçiləcək
Şəki, 2 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə arpa biçininə başlanılıb. Rayonun Kiçik Dəhnə, Böyük Dəhnə, Şəkikənd, Çayqaraqoyunlu və Suçma kəndlərinin ərazilərindəki təsərrüfatlarda ilk günlər 560 hektar sahənin arpası biçilib, 1232 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 22 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Sektor müdiri bildirib ki, cari mövsümdə rayonda 66 min 104 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 36 min 180,3 hektarını buğda, 29 min 923,7 hektarını dən üçün arpa sahələri təşkil edir. Taxıl biçininin mütəşəkkil şəkildə keçirilməsini təmin etmək üçün Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində xüsusi qərargah da yaradılıb, tədbirlər planı təsdiq olunub. Ümumilikdə, biçin kampaniyasına 136 ədəd taxılbiçən kombayn, 96 ədəd küləşpresləyən aqreqat, 257 ədəd şum traktoru, 360-dək yük maşını, traktor, qoşqu və digər texnikalar cəlb olunacaq. Hələlik sahələrdə 42 taxılbiçən kombayn işləyir. Buğda biçininə iyunun 20-dən sonra başlanılması nəzərdə tutulur.
Xatırladaq ki, şəkili fermerlər ötənilki mövsümdə 66 min 48 hektar taxıl sahəsindən 199 min 915 ton məhsul yığıblar. Hər hektardan orta məhsuldarlıq 30,3 sentner təşkil edib.