REGİONLAR


Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılması böyük razılıqla qarşılanıb VİDEO

Şəki, 3 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanda keramika sənətinin çox qədim tarixi var. Arxeoloji qazıntılar zamanı əldə edilən tapıntılar onu göstərir ki, keramika sənəti qədim dövrlərdən başlayaraq Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biri olub.

Sənətkarlar diyarı kimi tanınan qədim Şəkidə də sənətkarlığın digər növləri ilə yanaşı, keramika sənəti də el sənətkarlarının fədakar əməyi sayəsində inkişaf etdirilib, bu günə qədər öz əhəmiyyətini qoruyub saxlayıb.

Bu qədim diyarın zəngin tarixi-mədəni irsinin qorunub saxlanmasında, ata-babalarımızdan bizə miras qalmış keramika sənəti ənənələrinin davam etdirilərək gələcək nəsillərə ötürülməsində, heç şübhəsiz ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 29-da Şəkiyə səfərləri çərçivəsində açılışı olan “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin böyük rolu və əhəmiyyəti olacaq.

AZƏRTAC-ın bölgə müxbiri Mərkəzdə olub, sənətkarlarla görüşərək söhbətləşib.

Mərkəzin ikimərtəbəli binasında keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb. Mərkəzin nümayəndəsi Qurban Salmanovun bildirdiyinə görə, yeni sənətkarların yetişdirilməsi üçün artıq burada təlimlərə də başlanılıb. Təlimçilər Vahid Əlimov, Zaur Əhmədov, Kamran İbrahimxəlilov və Cəfər Əliquluyev qədimdən bu günümüzə miras qalmış bu el sənətini yaşatmaq üçün onun sirlərini gənclərə böyük həvəslə öyrədirlər. Təlimçilərlə söhbət zamanı onlar Şəkidə belə bir mərkəzin istifadəyə verilməsini ölkə rəhbərliyi tərəfindən sənətə və sənətkara verilən yüksək dəyərin bariz nümunəsi kimi qiymətləndiriblər. Şəkili keramika ustaları Azərbaycanın qədim sənətkarlıq ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə göstərdikləri diqqət və qayğıya görə rayon sənətkarları adından Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.