REGİONLAR
Şəkidə II ixtisas qrupu üzrə qəbul imtahanı 5 mərkəzdə aparılıb
Şəki, 22 may, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 22-də Şəki şəhərində keçirdiyi II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı, həmçinin III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanlar başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə beş mərkəz ayrılıb. İmtahanlar Şəki şəhərindəki 11, 12 və 17 nömrəli tam orta məktəblərdə, fizika-riyaziyyat və humanitar təmayüllü liseydə və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub.
Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
DİM Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə, 1163 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 120 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün 93 zal ayrılıb.
Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.