REGİONLAR
Şəkidə Novruz şənlikləri
Şəki, 21 mart, Mustafa Dadaşov, AZƏRTAC
Şəkidə xalqımızın qədim adət-ənənələrindən olan Novruz bayramı şənlikləri bir neçə gündür davam edir. Şəkililər bu qədim el bayramını – baharın gəlişini böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qarşılayırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Novruz bayramı münasibətilə Şəki şəhərinin qədim tarixi hissəsi – “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində ümumşəhər şənliyi keçirilib.
Tədbir XVIII əsrə aid memarlıq abidəsi “Qala divarları”nın həyətində bayram tonqalının alovlandırılması ilə başlanıb. Novruzun personajları Kosa və Keçəl məzəli zarafatları ilə tədbir iştirakçılarına xoş əhvali-ruhiyyə bəxş ediblər.
Sonra XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayının həyətində mədəniyyət işçilərinin hazırladığı bədii proqram nümayiş olunub. Şəhər sakinlərinin və şəhərin qonaqlarının iştirak etdiyi tədbirdə musiqi və rəqs kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər.
Şəhər rəhbərliyi və qonaqlar daha sonra qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid Dairəvi Məbədin qarşısındakı meydanda folklor və rəqs kollektivlərinin maraqlı konsert proqramına tamaşa edib, Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilərə baxıblar.
Novruz bayramına həsr olunan ümumşəhər bayram şənliyi XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində meydan tamaşası və rəngarəng konsert proqramı ilə davam edib.