CƏMİYYƏT
Şəkidə “Qumux dərəsi” adlanan ərazidə tibbi tullantıların qalaqlandığı aşkarlanıb
Bakı, 22 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Şəki, Qax, Balakən, Zaqatala) ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, keçirilən reyd zamanı Şəki rayonu “Qumux dərəsi” adlanan ərazidə tibbi tullantıların qalaqlandığı aşkar edilib.
Araşdırma zamanı həmin ərazinin Baş Layıski Bələdiyyəsinin mülkiyyətinə aid olduğu məlum olub. Bununla yanaşı, əraziyə istifadə müddəti sona çatmış 4 kubmetr həcmində müxtəlif iynə və dərman preparatlarından ibarət tibbi tullantıların atıldığı aşkarlanıb və oraya Şəki Rayonu Gigiyena Epidemiologiya Mərkəzinin, Şəki Rayon Polis Şöbəsinin, Baş Layıski Bələdiyyəsinin və Baş Layıski İnzibati Ərazi Dairəsinin nümayəndələri dəvət edilib.
Faktla bağlı akt tərtib olunub və ərazinin tullantılardan təmizlənməsi üçün Baş Layıski Bələdiyyəsinin sədrinə müddətli “məcburi göstəriş” verilib.
Araşdırma müddətində təhlükəli tullantıları atan təqsirkarların müəyyənləşdirilməsi mümkün olmayıb. Qanun pozucuları barəsində qanunauyğun qaydada tədbir görülməsini təmin etmək məqsədilə təqsirkarların tapılması üçün Şəki Rayon Polis Şöbəsinə müraciət olunub.