REGİONLAR
Şəkidə “Şəhər günü” ilə əlaqədar bayram tədbiri keçirilir
Şəki, 7 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Bu gün Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə “Şəhər günü” ilə əlaqədar bayram tədbiri keçirilir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Dövlət Turizm Agentliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Şəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə reallaşan bayram tədbiri maraqlı və rəngarəng tədbirlərlə yadda qalacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəkidə “Şəhər günü”nə ciddi hazırlıq işləri görülüb, tədbirlərin keçiriləcəyi tarixi məkanlar, konsert zalları hazır vəziyyətə gətirilib, şəhərin müxtəlif guşələrində tədbirlə bağlı posterlər asılıb.
Səhər saatlarında Bəxtiyar Vahabzadə adına parkın qarşısındakı meydanda “Şəhər günü” bayram tədbirinin açılış mərasimi olacaq. Rəsmi hissədən sonra Dövlət Sərhəd Xidmətinin hərbi orkestri konsert proqramı ilə çıxış edəcək. Bayram tədbiri şəhərin tarixi mərkəzində, qədim “Qala divarları”nın daxilində davam etdiriləcək. Burada əyləncəli oyun və tamaşalar, konsert proqramları təşkil ediləcək, yerli sənətkarların hazırladıqları məhsulların satış-yarmarkası keçiriləcək. Günorta saatlarında “Marxal” kompleksində “Qida” festivalı təşkil ediləcək. Tədbir iştirakçıları daha sonra “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində “Dərviş” ansamblının çıxışını izləyəcəklər. Axşam saatlarında isə “Marxal” kompleksinin Yay teatrında “İpək Yolu” XI Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq.