ELM VƏ TƏHSİL
Şəkidə Tarix İnstitutunun nəşrlərinin sərgisi təşkil olunub
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və bu elm müəssisəsinin əməkdaşları Şəki şəhərində keçirilən TÜRKSOY Daimi Şurasının 34-cü toplantısında və “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki-2016” ilinin bağlanış mərasimində iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində bu elm müəssisəsi tərəfindən çap edilən kitabların sərgisi keçirilib. Sərgidə Tarix İnstitutunun son illərdə Azərbaycanın və türk dünyasının tarixinə həsr olunmuş 100-dən çox adda kitabları nümayiş etdirilib.
Azərbaycanın müxtəlif bölgələrinin tarixinə, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlara, ölkəmizin beynəlxalq əlaqələrinin tarixinə həsr edilmiş kitablar TÜRKSOY Daimi Şurasının toplantısında iştirakçıların böyük marağına səbəb olub. Nəşrlər arasında müxtəlif dillərdə çap olunmuş “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, İrəvan xanlığının tarixi ilə bağlı 12 broşür, “Azərbaycanlılar: etnik-siyasi tarixə ümumi baxış” və digər kitabları da yer alıb.
Qeyd edək ki, Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” estafetini Qazaxıstanın Türküstan şəhərinə ötürüb.