Şəkidə ali məktəblərə qəbul və yekun attestasiya imtahanları altı mərkəzdə aparılıb
AzerTAg.az

Şəki, 2 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 2-də Şəki şəhərində keçirdiyi ali təhsil müəssisələrinə qəbulun birinci mərhələsi və orta təhsil müəssisələrində yekun attestasiya imtahanları başa çatıb. İmtahanlar əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili üzrə keçirilib. İmtahanlarda, həmçinin eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməyən və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri və əvvəlki illərin XI sinif məzunları iştirak ediblər.
DİM Şəki regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, imtahanların keçirilməsi üçün Şəkidə 6 mərkəz ayrılıb. Qəbul imtahanları Şəki şəhərindəki 8, 11, 12, 17 nömrəli və Qoxmuq kənd tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib.
Ümumilikdə, 1265 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 16 imtahan rəhbəri və 124 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 103 zal ayrılıb.
Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində qəbul və yekun attestasiya imtahanları mövcud təlimata uyğun şəkildə aparılıb, heç bir qanun pozuntusuna yol verilməyib.
Xəbərin mətnində orfoqrafik səhv var