REGİONLAR
Şəkidə anım tədbiri: “Yaralanmış Qarabağdı Xocalı”
Şəki, 25 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsi ağrılı, acılı yerimizdir. Bu faciə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir. Bu qətliam erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəki şəhər Mədəniyyət Mərkəzi və Şəkinin Çələbixan məcburi köçkün qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 3 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən “Yaralanmış Qarabağdı Xocalı” adlı ədəbi-bədii kompozisiyada səsləndirilib.
Tədbirdə Xocalı məktəbinin direktoru Eldəniz Məhərrəmov, Mədəniyyət Mərkəzinin direktoru Aqəli Cəlilov, bədii rəhbər Rəşad Rüstəmov çıxış edərək, faciənin başvermə səbəbləri, mahiyyəti, acı nəticələri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıblar. Bildirilib ki, dünya tarixinə nəzər salsaq, bir çox faciələrin baş verdiyinin, kədərli hadisələrin yaşandığının şahidi oluruq. Erməni millətçilərinin öz havadarlarının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri qətliam isə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayət, qanlı terror hadisəsi idi.
Tədbirdə Mədəniyyət Mərkəzinin musiqiçilərinin ifasında muğamlar, bayatılar səsləndirilib, Xocalı şəhər 3 saylı və Şəki şəhər 5 saylı tam orta məktəblərin şagirdləri “Xocalım, ay Xocalım”, “Xocalı harayı” şeirlərini ifa ediblər.