REGİONLAR


Şəkidə arpa zəmilərinə yüzdən çox kombayn çıxarılıb

Şəki, 9 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə bir neçə gündür arpa biçininə başlanılıb. Rayonun Turan qəsəbəsi, Şəkikənd, Suçma, Kiçik və Böyük Dəhnə kəndlərinin ərazilərindəki təsərrüfatlarda ilk günlər 1020 hektar sahənin arpası biçilib, 1800 tona yaxın məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 17,5 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-a rayon Kənd Təsərrüfatı İdarəsinin bitkiçilik şöbəsinin baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.

Cari mövsümdə rayonda 68 min hektardan çox taxıl sahəsinin məhsulunun yığılması gözlənilir. Taxıl biçininin mütəşəkkil qaydada başa çatdırılması üçün fermerlər tərəfindən bütün zəruri tədbirlər görülüb, texnika saz hala gətirilib. Biçin kampaniyasına, ümumilikdə, 80 təzə, həmçinin istifadəyə yararlı vəziyyətdə olan 30 köhnə kombayn, 72 küləşpresləyən aqreqat, 230 şum traktoru, məhsulun sahələrdən daşınması üçün 300-ə yaxın yük maşını, traktor və qoşqu cəlb olunub.

Xatırladaq ki, ötən il Şəki taxılçıları 67 min 123 hektar taxıl sahəsindən 193 min tona yaxın məhsul götürüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.