REGİONLAR


Şəkidə buraxılış imtahanları 8 mərkəzdə aparılıb

Şəki, 29 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 29-da Şəki rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 8 mərkəz ayrılıb. Buraxılış imtahanları Şəki şəhərindəki 8, 11, 12, 14, 17 və 20 nömrəli tam orta, fizika-riyaziyyat və humanitar təmayüllü lisey və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub.

Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və iştirakçıların buraxılış vərəqəsində həmin vaxt göstərilib.

İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

DİM Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə, 1784 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 23 imtahan rəhbəri və 171 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün 142 otaq ayrılıb.

AZƏRTAC-ın bölgə müxbiri Qoxmuq kənd tam orta məktəbində keçirilən buraxılış imtahanının gedişi ilə tanış olub. Məktəbdəki bütün imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan prosesi pandemiya dövrünün tələblərinə uyğun şəkildə təşkil olunub. Bu mərkəzdə buraxılış imtahanı Azərbaycan və rus bölmələri üzrə aparılıb.

İmtahan rəhbəri Eltən Abdullayevin bildirdiyinə görə, 234 şagirdin iştirak etdiyi imtahanın idarə olunmasına 3 rəhbər və 24 nəzarətçi-müəllim cəlb edilib.

Regional bölmənin müdiri Səbuhi Hüseynov isə bildirib ki, bütün imtahan mərkəzlərində buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.