REGİONLAR
Şəkidə dənli taxıl bitkilərinin aprobasiyasına dair təlim keçirilib
Şəki, 25 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin 2022-ci il üzrə tədbirlər planına uyğun olaraq, aprelin 25-də Şəki Regional Təlim Mərkəzində “Dənli taxıl bitkilərinin toxumluq əkinlərində aprobasiyaya hazırlıq, aprobasiyanın aparılması, kondisiyaya çatdırılmış toxumların sertifikatlaşdırılması” mövzusunda təlim keçirilib.
Təlimdə Aqrar Təlim Mərkəzinin regional mərkəzlərinin, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsinin, Aqrar Xidmətlər Agentliyinin Ekspertiza, Lisenziya və Sertifikatlaşdırma Mərkəzinin Şəki və Qax mərkəzlərinin mütəxəssisləri, bölgədə fəaliyyət göstərən özəl toxumçular iştirak ediblər.
Şəki Regional Təlim Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlimin keçirilməsində məqsəd cari ildə respublikanın müxtəlif bölgələrində payızlıq dənli taxıl bitkilərinin toxumluq əkinlərində aparılacaq aprobasiya işinin təşkili və kondisiyalı toxumların sertifikatlaşdırılması sahəsində təlimçilərin hazırlanmasından ibarətdir.
Təlim zamanı iştirakçılara dənli taxıl bitkilərinin toxumluq sahələrinin aprobasiya prosesinə hazırlanması, aprobasiya zamanı toxumluq əkinlərdə sorttəmizliyinin, bitkilərin xəstəlik və zərərvericilərə yoluxmasının, alaq otları ilə zibillənməsinin müəyyən edilməsi izah olunub. Eyni zamanda, kondisiyaya çatdırılmış toxumlardan nümunələrin götürülməsi, laboratoriya təhlillərinin aparılması və müvafiq standartların tələblərinə cavab verən toxum partiyalarının sertifikatlaşdırılması qaydaları təlim iştirakçılarının diqqətinə çatdırılıb.
Təlim prosesində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.