CƏMİYYƏT
Şəkidə evdən qızıl və pul oğurlayan gənc saxlanılıb
Bakı, 13 fevral, AZƏRTAC
Şəki Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini evdə olmadığı müddətdə qızıl-zinət əşyalarının və pulunun oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şöbə əməkdaşları müraciətlə əlaqədar hadisə yerinə baxış keçiriblər. Zərərçəkmişə məxsus evdən 18 min 700 manat dəyərində qızıl sikkələrin və 3100 ABŞ dollarının oğurlandığı müəyyən olunub.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki şəhər sakini 19 yaşlı Abdullətif Əliyev saxlanılıb. O, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qızılların bir qismi ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. A.Əliyevin digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.