REGİONLAR


Şəkidə fermerlərə dənli-paxlalı bitkilərdə bitki mühafizə tədbirlərinin həyata keçirilməsi qaydaları izah olunub

Bakı, 21 may, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin təşkilatçılığı ilə Şəki rayonunda “Dənli və dənli-paxlalı bitkilərdə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda tarla şəraitində elmi-praktik təlim keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, fermerlər, mütəxəssislər və aqrar inkişaf könüllülərinin iştirakı ilə baş tutan təlimdə Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin aparıcı mütəxəssisi Rais Nürəddinov dənli və dənli-paxlalı bitkilərdə kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması mövzusunda geniş məruzə ilə çıxış edib.

Təlimçi çıxışında toxumların dərmanlanması, eləcə də zərərvericilərə və xəstəliklərə qarşı mütəmadi müşahidələr aparmaqla lazımi tədbirlərin yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb. Təlim zamanı aqrotexniki tədbirlərin kompleks şəkildə yerinə yetirilmiş sahələrdən birinə baxış keçirilib və zəif qulluq olunan sahə ilə müqayisə edilib.

“Dənli və dənli-paxlalı bitkilərdə bitki mühafizə tədbirlərinin həyata keçirilməsində texniki təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda çıxış edən Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Tələt Mehdiyev, pestisidlərlə işləyərkən işçi məhlulun hazırlanmasında xüsusi geyim vasitələrindən istifadə, çiləyici aqreqatların nizamlanması qaydasını iştirakçılara ətraflı izah edib və bu tədbirlərin həyata keçirilməsində bitki mühafizə mütəxəssisləri ilə məsləhətləşmələrin vacib olduğunu iştirakçıların diqqətinə çatdırıb. Son illər Şəki rayonu ərazisində dənli və dənli-paxlalı bitkilərdə zərərli orqanizmlərə qarşı aparılan bitki mühafizə tədbirləri barədə məlumat verən T.Mehdiyev, qlobal istiləşmə ilə bağlı zərərli orqanizmlərin aqressivliyinin və virulentliyinin xeyli artdığını fermerlərin diqqətinə çatdırıb.

Patogen orqanizmlərin yeni-yeni rass və ştammlarının əmələ gəldiyini söyləyən təlimçi, əvvəl iqtisadi əhəmiyyət kəsb etməyən zərərli orqanizmlərin zərərli fəaliyyətinin xeyli çoxaldığını vurğulayıb: “Bütün bunlar isə mübarizə tədbirlərində inteqrir mübarizə sisteminə keçməyi tələb edir. Bu gün keçirilən təlim də inteqrir mübarizə sisteminin ən vacib hissəsi olmaqla, zərərli orqanizmlərin qarşısının alınmasında xüsusi əhəmiyyət kəsb edir”.

Təlimdə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, “Pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydalarına dair təlimat” vərəqələri paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.