REGİONLAR
Şəkidə gələn ilin məhsulu üçün payızlıq dənlilərin əkininə başlanılıb
Şəki, 21 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun təsərrüfatlarında 2020-ci ilin məhsulu üçün payızlıq dənlilərin əkininə başlanılıb. Kampaniyanın ilk günlərində rayonun Suçma, Cumakənd, Baş Layısqı, Baş Göynük kəndlərinin ərazilərində 320 hektar sahədə yaşıl yem üçün arpa əkilib. Cari mövsümdə rayonda 65 min hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Nurəddin İbrahimov məlumat verib.
Qurum rəsmisi bildirib ki, payızlıqların əkini üçün indiyədək təsərrüfatlarda 29 min hektar sahədə şum qaldırılıb. Səpin üçün 15 min ton arpa və buğda toxumu tələb olunsa da, toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən 17 min ton yüksək reproduksiyalı toxum fondu yaradılıb. Fermerlərin mineral gübrələrə olan ehtiyacları da tam şəkildə ödəniləcək. Bunun üçün lazımi qədər mineral gübrə tədarük olunub. Əkin kampaniyasına 175 ədəd şum traktoru, 90 ədəd toxumsəpən aqreqat və digər texnikalar cəlb edilib.