REGİONLAR
Şəkidə gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi diqqət mərkəzindədir
Şəki, 20 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərdə vətənpərvərlik hislərinin yüksəldilməsi bu gün dövlətin gənclərlə bağlı siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkəmizdə Vətənini sevən, hər zaman onun tərəqqisinə çalışan, azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər ordusu formalaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Şəki Şəhər Gənclər və İdman İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən “Gənclər arasında vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət hislərinin aşılanması” mövzusunda videokonfransda səsləndirilib.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasını təmin etmək məqsədilə keçirilən onlayn konfransda aidiyyəti dövlət qurumlarının əməkdaşları, fəal gənclər iştirak ediblər.
Konfransı idarənin rəisi Daşqın Mikayılov açaraq, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən bəhs edib, qazanılan şanlı zəfərdə vətənpərvər gənclərimizin böyük rolu olduğunu bildirib. Vurğulanıb ki, vətənpərvərlik, həm də milli-mənəvi dəyərlərimizə, dövlətçilik ənənələrinə olan diqqətin, sədaqətin təzahürüdür.
Konfransda çıxış edən şəhər icra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov Vətən müharibəsində ordumuzun şəxsi heyətinin əsas tərkib hissəsini təşkil edən gənclərin əsl vətənpərvərlik nümunəsi göstərdiyini, döyüşlərdə canlarını qurban verən qəhrəman şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulacağını diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev müzakirə olunan mövzunun gənclər üçün olduqca aktual olduğunu, milli-mənəvi dəyərlərimizə və dinə cəmiyyətimizdə xüsusi diqqətlə yanaşıldığını, dinin milli həmrəyliyimizin atributlarından birinə çevrildiyini bildirib.
Şəki Dövlət Regional Kollecin tərbiyə işləri üzrə direktor müavini Rafiq Səmədov vurğulayıb ki, tarixi nailiyyətlərimizi təbliğ etməklə gənclərə vətənpərvərlik hissinin aşılanması istiqamətində uğurlu nəticələrə nail olmaq olar.
Təhsil şöbəsinin metodisti Abdurrahman Məmmədov təhsil müəssisələrində yeniyetmə və gənclər arasında vətənpərvərlik hislərinin aşılanması istiqamətində görülən işlər barədə məlumat verib. Vurğulanıb ki, Vətən müharibəsində şanlı qələbənin qazanılmasında gənclər arasında hərbi-vətənpərvərlik istiqamətində həyata keçirilən tədbirlərin də mühüm rolu olub.