REGİONLAR
Şəkidə indiyədək 4,8 min hektardan çox arpa sahəsinin məhsulu biçilib
Şəki, 9 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə arpa biçininə başlanılıb. Rayonun Böyük Dəhnə, Şəkikənd, Şorsu, Suçma, Şirinbulaq, Baş Göynük kəndlərinin ərazilərindəki təsərrüfatlarda ilk günlər 4837 hektar sahənin arpası biçilib, 4942 ton məhsul istehsal olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 10,2 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Sektor müdiri bildirib ki, ötən ilin payızında rayonda 2022-ci ilin məhsulu üçün 65 min 283 hektar sahədə taxıl səpini aparılıb. Taxıl əkinlərinin 32 min 318,6 hektarını buğda, 32 min 964,4 hektarını dən üçün arpa sahələri təşkil edir. Taxıl biçininin mütəşəkkil şəkildə keçirilməsini təmin etmək üçün Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Ümumilikdə, biçin kampaniyasına 136 ədəd taxılbiçən kombayn, 96 ədəd küləşpresləyən aqreqat və digər texnikalar cəlb ediləcək. Hazırda sahələrdə 125 ədəd taxılbiçən kombayn işləyir. Buğda biçininə iyunun 20-dən sonra başlanılması nəzərdə tutulur.
Qeyd edək ki, bu il ölkədə 1019934 hektar sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin 606338 hektarını buğda, 413596 hektarını isə arpa sahələri təşkil edir.