İQTİSADİYYAT
Şəkidə istirahət mərkəzi tikiləcəkdir
Bakı, 4 yanvar (AZƏRTAC). Şəkidə, Marxal kəndinin ərazisində yerləşən kurort kompleksinin layihələşdirilməsi işi davam edir.
Bakı Dövlət Layihə İnstitutunun əməkdaşı, memar Əhliman Şükürlü layihə ilə bağlı AZƏRTAC-a bildirmişdir ki, 30 hektara yaxın ərazini əhatə edən istirahət kompleksinin layihələndirilməsi işləri ötən ilin fevralında başlanmışdır. Layihəyə görə, burada yeddimərtəbəli mehmanxana, ümumi tutumu 450-600 yerlik restoran, 12 kottec, 2 açıq tipli hovuz, ümumi sahəsi 2 min 250 kvadratmetr olan ticarət-əyləncə mərkəzi, 250 yerlik yay teatrı, SPA mərkəzi və idman meydançaları inşa ediləcəkdir. İstirahət kompleksində, həmçinin ikimərtəbəli xidmət evi, ayrıca qeydiyyat üçün bina, göl üzərində kafe, bütün növ mühəndis qurğuları, transformator yarımstansiyası, su anbarları, nasosxana və 3 qazanxananın tikiləcəyi də nəzərdə tutulmuşdur.
Hazırda işlərin xeyli hissəsi yerinə yetirilmişdir. Əsas bina və qurğuların inşasına başlanılmışdır. Layihənin əsas memarlıq ideyası müasir arxitektura ilə təbii landşaftın ahəngdar şəkildə uzlaşdırılmasından ibarətdir.
İşlər 2013-cü ilin aprelində yekunlaşdırılacaqdır.