REGİONLAR
Şəkidə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam edir
Şəki, 27 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Şəki rayonunda koronavirus infeksiyasının yayılma sürətinin azaldılması və qarşısının alınması məqsədilə sakinlər arasında maarifləndirmə tədbirləri davam etdirilir. Şəhər icra hakimiyyəti tərəfindən yaradılan mobil qrupların əhali arasında apardığı ictimai maarifləndirmə tədbirlərinə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki nümayəndəliyinin könüllüləri də həvəslə qoşulublar.
Şəki Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, noyabrın 27-də keçirilən növbəti maarifləndirici aksiya zamanı gənclər icra hakimiyyəti tərəfindən hazırlanan və üzərində “Virusdan qorunmaq əlimizdədir”, “Koronavirusdan qorunmaq qaydaları”, “Məsafə saxlayın” və digər təbliğat-təşviqat şüarları yazılmış reklam plakatlarını əhalinin sıx toplaşdığı məkanların, ticarət obyektlərinin, apteklərin, bankomatların, ödəmə terminallarının qarşısına yapışdırıblar.
Şəkidə belə maarifləndirici tədbirlər davamlı xarakter daşıyır.