CƏMİYYƏT
Şəkidə meyvə bağlarında növbəti monitorinqlər aparılıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə müşahidələri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, növbəti monitorinq intensiv tipli meyvə bağlarında aparılıb. Monitorinqlərin keçirilməsində məqsəd meyvə bağlarında mövcud olan zərərli orqanizmləri aşkar etmək, eyni zamanda, təsərrüfat sahiblərinə payız-qış tədbirlərinin əhəmiyyətini izah etmək olub.
Aparılan monitorinqlər nəticəsində meyvə bağlarında şaftalı mənənəsi (Myzus persicae), tor gənəsi (Tetranychus urticae), armud ballıcası (Cacopsylla pyricola) və çəyirdəklilərin bakterial ləkəliyi (Xanthomonas arboricola pv. pruni) xəstəliyi aşkar edilib və zərərli orqanizmlərin dəqiq növ tərkibinin təsdiqi üçün şaftalı, nektarin və armud ağaclarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasına göndərilib.
Meyvə bağlarında aşkar edilmiş zərərli orqanizmlərin sirayətlənmə səbəbləri və onlarla mübarizə tədbirləri barədə təsərrüfat sahibləri məlumatlandırılıb. Monitorinqlər zamanı fitosanitar müfəttişlər aqrokimyəvi maddələrin və pestisidlərin saxlanması, daşınması, o cümlədən tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə müvafiq tövsiyələr veriblər.
Sonda AQTA mütəxəssisləri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb və fitosanitar mübarizə tədbirləri, istifadə ediləcək pestisidlər barədə sahibkarlara tövsiyələr verilib.