CƏMİYYƏT
Şəkidə narkobaron saxlanılıb VİDEO
Bakı, 20 iyun, AZƏRTAC
Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayonu Baş Göynük kənd sakini Nazim Abdullayev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, yaş halda ümumi çəkisi 25 kiloqram olan 301 çətənə bitkisi, eləcə də 23 sellofan torbada satış məqsədilə saxladığı 4 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılan şəxs N.Abdullayev ifadəsində narkotik tərkibli bitkiləri mart ayında əkdiyini, xüsusi qulluq göstərdiyini və qurutduqdan sonra satmaq məqsədində olduğunu bildirib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.