CƏMİYYƏT
Şəkidə oğurluq edən qohumlar saxlanılıblar VİDEO
Bakı, 1 sentyabr, AZƏRTAC
Şəki Şəhər-Rayon Polis Şöbəsinə Oraban kəndindəki evlərin birindən min manat dəyərində antik samovarın, eləcə də müxtəlif məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin Bərdə rayon sakini Nəvai Abbasov, dayısı, Yevlax sakini İlham Quliyev və Bakı şəhər sakini Elxan Hüseynov olduğu müəyyənləşdirilib. Həmin şəxslər icarəyə götürdükləri “Hyundai” markalı avtomobillə Yevlax rayonu ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətiriliblər. Saxlanılan şəxslər ifadələrində oğurladıqları samovarı və mis materialdan olan məişət əşyalarını dəyərindən ucuz qiymətə satdıqlarını, əldə etdikləri pulu isə bölüşdürdüklərini bildiriblər.
Araşdırma zamanı qrup üzvlərinin başqa cinayət əməllərinin də üstü açılıb. Belə ki, onların Şəki rayonunun Köbər Zəyzid kəndində yerləşən mağazaların birindən oğurluğa cəhd etdikləri və “VAZ-2109” markalı avtomobildən akkumulyator, eləcə də nəqliyyat vasitəsinə yaxın ərazidə olan pivə çəlləyini oğurladıqları məlum olub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.