CƏMİYYƏT
Şəkidə piyadanı vurub hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücü həbs edilib
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 10-da saat 23 radələrində Şəki şəhərinin M.Ə.Rəsulzadə prospektində yolu keçən şəhər sakini Oqtay Abdurəhimov naməlum avtomobil vurulub. Piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla əlaqədar Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Hadisəni törədən şəxsin Şəki rayonunda məskunlaşmış Laçın rayon sakini Təvəkkül Qasımov olduğu müəyyənləşdirilib. Belə ki, onun aprelin 10-da axşam saatlarında idarə etdiyi “VAZ 2170” markalı avtomobillə piyada O.Abdurəhimovu vurub hadisə yerindən uzaqlaşdığı məlum olub.
T.Qasımov saxlanılaraq idarə etdiyi avtomobillə birgə polis şöbəsinin istintaq bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.