Şəkidə sahibkarların və sakinlərin qaz təchizatı ilə bağlı müraciətləri dinlənilib
AzerTAg.az
Bakı, 26 yanvar, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi (İB) ölkədə sahibkarlığın inkişafını hər zaman dəstəkləyir. Bu məqsədlə KOBİA ilə birgə keçirilən “Açıq mikrofon” aksiyasında sahibkarlar müraciətlərini rahat şəkildə ünvanlaya bilərlər.
İB-dən AZƏRTAC-a bildirilib ki, bu sözləri Birliyin şöbə rəisi Rövşən Məhyəddinov Şəkidə qurulan səyyar qəbul otağında görüşdə deyib. Qurum rəsmisi vətəndaşların da qatıldıqları aksiyada ünvanlanan müraciətlərin operativ şəkildə həll ediləcəyini vurğulayıb.
Aksiyada çıxış edən KOBİA-nın nümayəndəsi Elbrus İsgəndərov sahibkarları dinləməyə və məsləhətlər verməyə hazır olduqlarını bildirib.
Sonra sahibkarların müraciətləri dinlənilib. Etibar Nuriyev qeyri-yaşayış obyektinin qazlaşdırılmasını, Xəyal Həsənov isə obyektinə müvəqqəti sayğacın quraşdırılmasını xahiş edib. Sahibkarların müraciəti dinlənildikdən sonra növbə sadə vətəndaşlara çatıb. Qoxmuq kəndinin 20-yə yaxın sakini adından çıxış edən Zeynəb Məmmədova küçə qaz xətlərinin çəkilməsini xahiş edib.
Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.




Xəbərin mətnində orfoqrafik səhv var