REGİONLAR
Şəkidə stolüstü tennis üzrə respublika birinciliyinin zona yarışında 11 komanda mübarizə aparıb



Şəki, 1 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Noyabrın 1-də Şəki Olimpiya İdman Kompleksində uşaq və yeniyetmələr arasında stolüstü tennis üzrə respublika birinciliyinin zona yarışına yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 31-də startı verilən və iki gün davam edən yarışda 11 komanda - Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan rayonlarının, həmçinin Bakı və Sumqayıt şəhərlərinin təmsilçiləri mübarizə aparıblar. Paytaxt idmançıları zona birinciliyində 2 komanda ilə təmsil olunub. Hər komandanın tərkibinə 4 oğlan və 4 qız idmançı daxil edilib.
Yarışın yekun nəticələrinə əsasən, oğlanların yarışında Sumqayıt komandası birinci yeri tutub. Sonrakı yerlərə Şəki və Bakı 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandaları sahib çıxıblar.
Qızların yarışı isə Şəki komandasının qələbəsi ilə başa çatıb. Sumqayıt və Bakı 1 nömrəli RİOEUGİM-in komandaları müvafiq olaraq ikinci və üçüncü yeri tutublar.
Həm oğlanların, həm də qızların yarışında ilk üç yeri tutan komandalar respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.