REGİONLAR


Şəkidə tələbələrin yay liderlik düşərgəsi başa çatıb

Şəki, 7 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Olimpiya İdman Kompleksində tələbələrin yay liderlik düşərgəsi başa çatıb. Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Əylənərək öyrənirik” devizi ilə avqustun 1-də startı verilən və 6 gün davam edən yay düşərgəsində respublikamızın müxtəlif ali məktəblərində təhsil alan və aktiv fəaliyyəti ilə seçilən 100 tələbə iştirak edib.

Olimpiya İdman Kompleksinin direktoru Yusif Qaffarov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, proqrama uyğun olaraq, düşərgə müddətində panel görüşlər, intellektual və idman oyunları keçirilib, Şəkinin tarixi abidələrinə ekskursiyalar təşkil olunub.

Yay liderlik düşərgəsinin birinci günü iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Düşərgənin açılış mərasimində Milli Məclisin deputatları Vüqar İskəndərov, Müşfiq Cəfərov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, həmçinin Olimpiya İdman Kompleksinin və Şəki Gənclər və İdman İdarəsinin rəhbərləri iştirak ediblər.

Düşərgənin ikinci günü tələbələr Birinci Qarabağ və Vətən müharibəsi qaziləri ilə görüşüb, “Zamanın idarə olunması” mövzusunda təlimdə iştirak ediblər.

Düşərgənin növbəti günlərində tələbələr Kiş kəndindəki qədim Alban məbədini, “Gələrsən-Görərsən” qalasını ziyarət ediblər. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki Xan Sarayı və inşa tarixi XVIII əsrin sonlarına aid edilən “Yuxarı Karvansaray” mehmanxana-kompleksi ilə tanışlıq yay liderlik düşərgəsi iştirakçılarının böyük marağına səbəb olub. Tələbələrin diqqətinə çatdırılıb ki, 2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Düşərgə müddətində, həmçinin Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova və “Böyük Qayıdış” Gənclər Təşkilatının direktoru Nail Şükürovun iştirakı ilə “Gənclərlə iş sahəsində liderlik” mövzusunda panel müzakirələr aparılıb, tanınmış ifaçılarla görüşlər keçirilib, əyləncəli musiqi və idman proqramları təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.