REGİONLAR


Şəkidə tibbi müayinədən keçənlərin 109 nəfərinə ambulator müalicə təyin olunub VİDEO

Şəki, 15 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədilə davamlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq artıq beşinci ildir təşkil edilən əhalinin pulsuz tibbi müayinədən keçirilməsi aksiyası da məhz belə tədbirlərdəndir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibbi müayinələr Şəki rayonunda da mütəşəkkil qaydada təşkil olunub. Müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün şəhər icra hakimiyyətində xüsusi komissiya yaradılıb, tədbirlər planı tərtib olunub. Aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 84 mindən çox insanın müayinədən keçirilməsi nəzərdə tutulur. Rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyada fəal iştirak edirlər. Fevralın 12-də başlanan aksiyanın ilk üç günündə 1673 nəfər tibbi müayinədən keçərək öz sağlamlıqları barədə ətraflı məlumat əldə ediblər.

Tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsi bu günlər gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Müayinə olunmaq üçün hər gün buraya yüzlərlə insan müraciət edir.

Poliklinikanın müdiri Nazim Əliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, müayinələr əvvəlcədən tərtib olunmuş cədvəl əsasında keçirilir. İlk növbədə, idarə, müəssisə və təşkilatlarda çalışanlar müayinəyə cəlb olunublar. Aksiyanın davam etdiyi müddətdə poliklinikadakı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, ultrasəs, elektrokardioqrafiya, flüoqrafiya, terapevtik kabinetlər əhaliyə pulsuz xidmət göstərəcək.

Müayinələr təcrübəli həkim və orta tibb işçiləri tərəfindən aparılır. Poliklinikanın həkimi Etibar Kərimovun bildirdiyinə görə, müayinə olunanlar arasında ürək-damar, oynaq, bronxit, kəskin respirator xəstəliklərdən əziyyət çəkənlər üstünlük təşkil edir. Belə xəstələrə müalicə təyin edilir, lazımi məsləhətlər verilir.

Ümumiyyətlə, aksiyanın ilk üç günündə müayinədən keçənlərin 109 nəfərinə ambulator müalicə təyin edilib, 11 nəfər stasionar müalicəyə cəlb olunub. Daha ciddi müalicəyə ehtiyacı olan 5 nəfər isə Bakı şəhərinin ixtisaslaşmış tibb müəssisələrinə göndərilib.

Müayinədən keçən Şəki şəhər sakini Firuzə Ağacanova, Oxud kəndindən Qalib Məmmədov, Qoxmuq kənd sakini Murad Yusibov və başqaları onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, belə aksiyaların davamlı olmasını arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.