CƏMİYYƏT


Şəkidə top mərmisi aşkarlanıb

Bakı, 16 yanvar, AZƏRTAC

Yanvarın 16-da saat 12:08-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Şəki şəhərinin Olimpiya məhəlləsi ərazisində mərmi tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və şəhər rayon polis şöbəsinin əməkdaşları həmin əraziyə baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis əməkdaşları tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 30 millimetrlik zenit top mərmisi (OFZ) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərminin ətrafında 2100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Yanvarın 1–dən 16-dək agentlik tərəfindən 12 siqnal (əməliyyat çağırışı) əsasında 8 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağstafa, Goranboy, Göygöl, Şəmkir, Tovuz rayonları, Şəki və Lənkəran şəhərlərində iki ev və həyətyanı sahəyə, bir əkin sahəsinə, yol kənarına, dəniz sahilinə baxış keçirilib. Altı ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib. Bu müddətdə 5390 kvadratmetr ərazi yerüstü yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.