REGİONLAR


Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 11 mərkəzdə aparılıb

Şəki, 2 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 2-də Şəkidə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 11 mərkəz ayrılıb. Buraxılış imtahanları Şəki şəhərindəki 5, 8, 9, 10, 11, 12, 14, 17 və 20 saylı tam orta, fizika-riyaziyyat və humanitar təmayüllü lisey və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub.

Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə, 2225 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 27 imtahan rəhbəri və 216 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün 178 otaq ayrılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.