CƏMİYYƏT
Şəkidə un məmulatlarının satışı ilə məşğul olan obyektlərdə yoxlama aparılıb
Bakı, 16 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şəki şəhərinin S. Rəhman küçəsində yerləşən un məmulatlarının satışı ilə məşğul olan obyektlərdə yoxlama aparılıb.
Yoxlama zamanı istifadə olunan bitki yağlarının keyfiyyəti ilə bağlı araşdırma aparılıb. Həmin yağların istehlaka yararlı olub-olmamasının qiymətləndirilməsi məqsədilə “Testo 270” cihazı ilə oksidləşmə dərəcəsinə nəzarət edilib. Aparılan araşdırmalar zamanı baxış keçirilmiş 6 obyektdən 3-də istifadə olunan yağların yararsızlığı, keyfiyyətinin normalara cavab vermədiyi aşkar olunduğundan yerindəcə məhv edilib, qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Kafelərin sahibkarlarına qanunvericiliyin tələbləri izah edilib.