REGİONLAR
Şəkidə və Mingəçevirdə keçirilən qəbul imtahanında heç bir qanun pozuntusu qeydə alınmayıb
Şəki, 18 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin iyulun 18-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Şəki və Mingəçevir şəhərlərində 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün birinci və dördüncü ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanları uğurla başa çatıb.
Dövlət İmtahan Mərkəzi Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanların keçirilməsi üçün Şəkidə 3, Mingəçevirdə isə 2 imtahan mərkəzi ayrılıb.
Şəkidə imtahanlar şəhərdəki 8 nömrəli və Qoxmuq kənd tam orta məktəblərində, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub. Ümumilikdə 1662 abituriyentin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 12 imtahan rəhbəri və 150 nəzarətçi-müəllim cəlb olunub.
Mingəçevirdə isə qəbul imtahanları 18 nömrəli tam orta məktəbdə, həmçinin təbiət-riyaziyyat və humanitar liseydə təşkil olunub. İmtahanlarda 1127 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahanların gedişinə 10 imtahan rəhbəri və 109 nəzarətçi-müəllim nəzarət edib.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb və üç saat davam edib.
Regional bölmənin müdiri AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata uyğun aparılıb və heç bir qanun pozuntusuna yol verilmədən saat 14:00-da uğurla başa çatıb.