REGİONLAR
Şəkili fermerlər müasir şitilxanaların təşkili və şitil istehsalı ilə bağlı maarifləndiriliblər
Şəki, 18 may, Mustafa Dadaşov, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Aqrar Təlim Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəki Regional Təlim Mərkəzi fermerlərə “Tütün və tərəvəz istehsalında müasir şitilxanaların təşkili, şitil istehsalı, açıq sahəyə köçürülməsi və aqrotexniki qulluq işləri” mövzusunda təlimlər keçirir.
Regional Təlim Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mərkəzin istixanasında keçirilən təlimdə torpaq mülkiyyətçilərinə istixanalarda yetişdirilən şitillərə qulluq edilməsi, temperatur və rütubətin düzgün tənzimlənməsi, şitillər əkiləcək sahələrin hazırlanması, əkin üçün yararlı şitillərin vaxtında seçilməsi və aqrotexniki qulluq qaydaları haqqında ətraflı məlumat verilib. Fermerlərə tövsiyə edilib ki, keyfiyyətli və sağlam şitil əldə etmək üçün temperatur və rütubət rejimi düzgün tənzimlənməlidir. Gübrələrdən düzgün istifadə olunması da mühüm əhəmiyyət kəsb edir.
Diqqətə çatdırılıb ki, bu qaydalara düzgün əməl edilmədikdə şitillərdə fuzariaz mənşəli xəstəliklər (kök və kök boğazının çürüməsi) müşahidə oluna bilər. Fermerlər, eyni zamanda, şitillikdə mövcud ola biləcək zərərvericilər (danadişi, qarışqa) və onlarla mübarizə aparmaq qaydaları barədə də maarifləndiriliblər.
Təlim prosesində mərkəzin mütəxəssisi tərəfindən fermerləri maraqlandıran suallar cavablandırılıb.